
Deyəsən bu haqda yazmaq çox çətin bir məsələdir. Məncə tərcümeyi halı yazarkən hər birimiz çətinlik çəkmişik. Uzun düşüncələrə qapılmışıq, sükut etmişik və nə yazacağımızı sual etmiışik. Elələri də vardır ki, bu iş onlar üçün çox asandır. Əlbəttə ki, mən belələrini nümunə gətirmək istəməzdim. Baxın bir insan ömrü, həyat təcrübəsi, xoş və şirin xatirələr, uğurlar və uğursuzluqlar, həyatın keşməkeşləri, dönüş nöqtələri, pulsuzluq və ilk təəssüf bütün bu anlar bir anlığa kino lenti kimi insanın gözü önündən keçir. Bir nagıl kimi! Hansını qeyd edəsən, nəyi birinci yazasan!? Şübhəsiz biz müsbət anlarımızı və uğurlarımızı yazmağa çalışaçağıq. Bu da təbiidir çünki heç kimə sənin uğursuz günlərin, cətinliklərin maraqlı deyildir. Həyatda da belədir, insan güclü olduğu zaman gündəmdə olur.
Deyəsən çox uzun məsafədən məsələyə yaxınlaşdım. Qısa olmağa çalışacam və dediyim kimi Sizləri bezdirməmək üçün yalnız uğurlu anlarımı Sizinlə bölüşəcəm.
Mən
Mən Sanar Məmmədov Sabir oğlu 1973-cü il bir iyun sabahı ziyalı ailsəində həyata göz açdım. Bakıda məktəbi və daha sonra universiteti fəqrlənmə ilə bitirdim. Lakin həyat dərsini və tərbiyəmi hər zaman güvəndiyim, şəxsiyyətinə hörmət etdiyim valideynlərimdən aldım. Dayı! Hər zaman güclü səslənir hər bir oğlan uşağı dayısına oxşamaq istəyir, Mən də sözün əsl mənasında dayıma oxşamaq istəmişəm. Onun həyat təcrübəsi, rəhbərlik bacarığı, insanlarla münasıbəti, ictimaiyyətdə nüfuz və hörmət sahibi olması mənim şəxsiyyətimin formalaşmasında böyük rol oynamışdır. Təəssüf ki, dayımı tez itirdim!
İlk peşə seçimim
İlk peşə seçimim rəssamlıq olmuşdur. 9 yaşımdan bu sənətə maraq göstərmişəm. Valideynlərim incəsənətə olan bu sevgimi zamanında düzgün dəyərləndirmiş və mümkün qədər mənim bu istiqamətdə inkişafıma hər cür şərait yaratmışlar. Xüsusi müəllimlərlə rəssamlıq sirlərini öyrənmişəm və rəssamlığın bütün texnikalarına yiyələnməyə çalışmışam. Bu bacarıqlar mənim indi də bir çox məsələləri həll etməkdə köməyimə çatır. Daha çox yaradıcı ideyaların təklif edilməsində, eyni zamanda marketinq sahəsində reklam agentlərinin kreativ dizaynlarını təhlil edərək hədəf kütləsinə incə zövqün aşılanmasında verəcəyim təkliflərə və tövsiyyələrimə görə zamanında peşəkar səviyyədə rəssamlıq sirrlərinə yiyələnməm olmuşdur. Lakin bildiyiniz kimi köhnə sistemin çökməsi, 70-ci illərdə doğulan bir cox gəncin həyatını dəyişdiyi kimi mənim də bu istiqamətdə inkişafıma son qoydu.
Tərcüməçi və pedaqoq
Sonralar Azərbaycan Dövlət Dillər Universitetinə daxil oldum və İngilis dili mütəxəssisi kimi bu ali təhsil ocağını fərqlənmə ilə bitirdim. Artıq pul qazanmaq və ailmizə maddi köməklik göstərmək vaxtı idi. Tələbəlik vaxtlarımdan başlayaraq İngilis dili üzrə istər yazılı, istərsə də şifahi tərcümələr edirdim. Əsrin kontraktı, BMT-nin Azərbaycan üzrə verdiyi qətnamələr, qərarlar və hüquqi sənədlərin tərcüməsini edirdim. Bir cox iri həcmli kitabların Azərbaycan dilinə tərcüməsində yaxından iştirak etmişəm. Daha sonra Azərbaycan Marketinq Cəmiyyətində çalışdığım illərdə Filip Kottler ve Qari Armstronqun bestselleri sayılan “Marketing – İlk Addım” kitabının Azərbaycan dilinə tərcüməsinin redaktoru olmuşam. Bu layihədə iştirakim mənə mənəvi zövqlə yanaşı Marketinqin sirrlərinə yiyələnməyə can atan lakin, o zamanlar ədəbiyyat sarıdan kasadlıq çəkən gənclər qarşında vətəndaşlıq borcumu yerinə yetirmək olmuşdur. Bu gün də mən bununla qürur hissi duyuram. Bu kitab indi də bir dərs vəsaiti kimi bir çox elm və ali təhsil müəssisələrində akademik dərs vəsaiti kimi tövsiyyə olunmaqdadır. Akademik fəaliyyətimə gəldikdə isə deməliyəm ki, mən 10 il pedaqoji fəaliyyətlə məşğul olaraq Azərbaycan Dillər Universitetində İngilis dilinin praktikası fənnindən dərs demişəm. İndi də tələbələrimlə qarşılaşdıqda onların karyera inkişafında əldə edikləri uğurlara cox sevinirəm.
Müstəqil biznes təlimçisi və ekspert
Lakin bütün bunlar mənim üçün kifayət deyildi. Özümü biznes sahəsində sınamağı və inkişaf etməyi hədəf olaraq seçmişdim. Qısa bir vaxt ərzində bu sahədə nəzəri biliklərimi artırmaq üçün Avropa və Amerikanın bir çox tanınmış universitetlərinə və təlim mərkəzlərinə üz tutdum. 2001-2006-cı illərdə Amerika, Şərqi və Qərbi Avropanın tanınmış biznes məktəblərində davamlı olaraq ixtisasartırma – mübadilə proqramlarında iştirak edərək bu proqramları müvəffəqiyyətlə bitirdim. Xüsusən, 2002-ci ildə George Washington Universitetinin Menecment və Biznes Etika üzrə ixtisasartırma proqramını müvəffəqiyyətlə başa çatdırdım. Almaniya, İtaliya, Polşa və Türkiyyədə təşkil olunmuş onlarla təlim və tədris proqramlarında fəal iştirak etdim.
Artıq 10 ildən coxdur ki, əldə etdiyim bütün bilikləri paylaşmaq üçün Azərbaycanın tanınmış Şirkətləri və Holdinqləri üçün müstəqil biznes təlimçisi və eksperti kimi fəaliyyət göstərməkdəyəm. Ekspert olduğum sahələrə Marketinq, Menecment, İnsan Resurslarının İdarə olunması və Biznes Etika mövzuları daxildir. 2002-ci ildən ABŞ Dövlət Ticarət Departamenti tərəfindən təqdim edilmiş xüsusi biznes təlimçisi sertifikatına, 2004-2005-cü illərdə Azərbaycan Bank Təlim Mərkəzinin ekperti və təlimçisi, 2012-ci ildən Hollandiyanın NİMA Marketinq Akademiyasının təlimçısı və yerli eksperti, 2006-cı ildən Azərbaycan Marketinq Cəmiyyətinin fəxri üzvüyəm. 2004-cü ildə nəşr edilən “İşgüzar Etika” Azərbaycan biznesləri üçün vəsait kitabının həmmüəllifi və mətbuatda onlarla məqlənin və yazıların müəllifiyəm.
CV-də yazdıqlarım!
Professional əmək fəaliyyətinə gəldikdə 2014-cü ildən indiyədək Azersun Holding Şirkətlər qrupunun Strateji Marketing Şöbəsinə rəəhbərlik edirəm. 2010-2014-cü illərdə DAAX Investment and Management (Baku Flame Towers layihəsi) Şirkətində menecer vəzifəsində çalışmışam və İnsan Resursları, Biznesin İnkişafı və Təlimlər üzrə sahələrə rəhbərlik etmişəm. 2010-cu ildə Ateshgah Sığorta Qrupunda Marketinq Departamentinin Direktoru, 2006-2009-cu illərdə Azersun Holding Şirkətində Marketing Departamentində layihə Meneceri, İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət Şöbəsinin müdiri, Təlim və İnkişaf Şöbəsinin müdiri, Marketinq Departamenti Brend Meneceri vəzifələrində calışmışam. 2002-2006-ci illərdə Azərbaycan Marketinq Cəmiyyətinin İcraçı Direktoru olmuşam.
Hobbim
Fotoqrafçılıq mənim hobbimdir. Lakin deyəsən artıq peşəkar saviyyədə bu işlə məşğul olmağa həvəsliyəm. Bəlkə də bütün işlərimə son qoyduqdan sonra bu peşəyə daha çox vaxt ayıracam!
Ailəliyəm iki oğlan övladım vardır.
və Son!…….
Amma son deyildir!……… Davamı var!….. Çünki həyat davam edir. Sabah bizim harada olmağımızı və hansı sınaqlardan keçəcəyimizi Uca Allahdan başqa kimsə bilə bilməz!
Sosial şəbəkə hesablarım