Azərbaycan aşiqi

Sanar mənim ətrafımda olan ən stabil, ən sanballı, mənəvi cəhətdən ən zəngin olan dostlarımdan biridır.
Rəhim Hüseynov 29 may 2014

Əgər məndən Rəhim Hüseynovu bir cümlə ilə ifadə etməyimi istəsələr, deyərəm ki, Rəhim müəllim öz xalqını, millətini sevən və onu mənəvi cəhətdən zəngin olmasını xəyallarında canlandıran bir vətən övladı idi. Onunla çiyin-çiyinə çalışdığım illərdə Rəhim müəllim hər zaman gənclərin təhsil və tərbiyyəsinə xüsusi diqqətlə yanaşmasının şahidi olmuşam. O, gənclərin elm və biliklə silahlanmasını arzu edərdi. Ətrafında da məhz bu düşüncəni paylaşan gəncləri toplayırdı. Onun təşəbbüsü ilə yaradılan Azərbaycan Marketinq Cəmiyyəti neçə-neçə gənc istedadların sığınacaq yeri idi. Rəhim müəllim deyərdim ki, bir idarəçilik məktəbi idi. Onun bu məktəbini keçən yüzlərlə gənc hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir.

Azərbaycan Marketinq Cəmiyyətinin İllik Hesabat Konfransı, 2004-cü il.

Bəs, Rəhim müəllimin idarəçilik sirri nədə idi!!?. Xatirələrimdə Rəhim müəllim bunu obrazlı şəkildə “dəmir qol” adlandırırdı. “Dəmir qol”-un əsas ideyası heç zaman geri çəkilməmək, qısa amma, inamlı addımlar ilə irəli getməkdir. Bu mən deyərdim Rəhim müəllimin başlıca xarakterik keyfiyyətini göstərir. Rəhim müəllim xasiyyətcə heç zaman uduzmağı və ruhdan düşməyi sevməzdi. Ətrafında olan gəncləri də bu ruhda tərbiyyələndirirdi.

Bir rəhbər kimi Rəhim müəllim çox ciddi və tələbkar bir insan idi. Başdansovda və görüntü xatirinə görülən işlərdən heç xoşu gəlməzdi. Fikrini qəti və aydın şəkildə izah edər və lazım gəldikdə insanı tənbeh etməkdən çəkinməzdi. Mən belə ciddi və hesabat tələb edilən görüşlərin çox şahidi olmuşam. Amma bu görüşlər mənim üçün bir təcrübə və öyrənə biləcəyim dərslər olmuşdur. Mən bunu bir menecerin həyat məktəbi adlandırardım. Belə sərt amma, ədalətli məktəbi keçdikdən sonra, sən istənilən vəziyyətlərə girə və oradan qalibiyyətlə çıxa bilərsən. Öyrəndiyim bütün bu dərslər mənim gələcək iş həyatıma müsbət təsir edir və həyatımı daha düzgün formalaşdırırdı.

Rəhim müəllim iş münasibətlərində nə qədər ciddi və tələbkar olurdusa, onun işdən sonra münasibətləri bir o qədər dostcasına və qardaş münasibəti idi. Bəzən biz özümüz bu qədər səmimiyyət və xoş münasibətə təəccüblənərdik. Bu da Rəhim müəllimin böyüklüyünün nümunəsi və onun liderlik keyfiyyətlərinin təcəssümü idi.

Mən bu gün də müxtəlif çətin situasiyalara düşdükdə özümdə görəsən Rəhim müəllim hansı qərarı verərdi? Necə davranardı? deyə düşünürəm. Bu zaman onun müdrik tövsiyyələri, ondan qazandığım praktik iş təcrübəsi mənim köməyimə gəlir. Bununla da mən Rəhim müəllimə həyat borcum vardır.

Rəhim müəllimlə ilk tanışlığım iş görüşməsində olmuşdur. Xatırımdadır 2001-ci ilin yaz ayları idi. “Zerkalo” qazetinin “Marketinq” əlavəsində bir iş elanı diqqətimi cəlb etmişdi. Bu iş elanı o zamanlar mənə tanış olmayan, ilk dəfə rastlaşdığım Marketoloq-layihə rəhbəri vəzifəsinə aid olan iş keyfiyyətlərini tələb edirdi. Elanda insanın fərdi və mənəvi keyfiyyətlərinə xüsusi vurğu var idi. Düzü, ilk dəfə müraciət etməkdə tərəddüd etmişdim. Lakin, Rəhim müəllimlə görüşdükdən sonra bütün tərəddüdlərim yox oldu. Biz iş görüşməsində mənim texniki və standart bilik və bacarıqlarımdan başqa hər şey haqqında danışdıq. Bu görüşdən sonra mənə elə bil əlavə güc gəlmişdi, gələcəkdə daha böyük işlər görməyə və uğur qazanmağa məndə böyük həvəs yaranmışdı. Daha sonralar, mən özümdə Rəhim müəllim ətrafına keyfiyyətli insanları necə toplaması ilə bağlı sualımın cavabını tapdım. Rəhim müəllimi namizədin iş biliyi və texniki bacarıqlarından daha çox onun necə bir insan olması, daxili ruh aləmi və insanı keyfiyyətləri maraqlandırardı. Hazırda bu münasibət, o zaman adını qoymadığımız və bu gün “Emosional Zəka” adlandırdığımız əsas trendlərdən biri hesab edilir.

Rəhim müəllim ətrafına doğru insanları toplamaq bacarığına malik idi. Rəhim müəllim çalışdığı insanlara imkanlarını hədsiz şəkildə dəyərələndirməyə şərait yaradardı. Bu səbəbdən həyatımda ağlıma belə gətirə bilmədiyim və o zamanlar hər kəsə nəsib olmayan Amerikada təhsil və təcrübə imkanının qazanılması idi. Onun qayğısı və dəstəyi ilə 2002-ci ildə ABŞ-in məşhur Corc Vaşinqton Universitetində Menecment və Biznes Etika sahəsində qazandığım bilik və təcrübələr gələcək iş həyatımda yeni başlanğıcların təməlini qoydu. Heç yadımdan çıxmaz Amerika səfərinə çıxmazdan öncə mənimlə iş dünyası və bu dünyada hədəflərim haqqında uzun-uzadı söhbət etmişdik. Bu tövsiyyələrdən biri də o zaman mənim üçün çox kiçik, bəlkə də yersiz görünən bir məsələ ilə bağlı idi. Dedi: “Sanar Amerikada geyiminə fikir verməyi unutma. Xüsusən, yay dövrünə baxmayaraq qısa köynək ilə qalstuk taxma. Əksinə çalış bütün görüşlərə uzun qol köynək və qalstuk geyinəsən”. İlk baxışdan bu fikirlər mənə qəribə gəlsə də, bütün rəsmi görüşlərdə və universitet auditoriyalarında hər zaman Rəhim müəllimin tövsiyyəsinə əməl etdim. Nəticə çox gözləmədi. Oxuduğum dövrdə müəllimlərimin və qrup yoldaşlarımın mənə xüsusi diqqətini gördüm. Bu geyim tərzim məni rəsmi görüşlərdə diqqət mərkəzində olmağıma və pozitiv münasibət qurmağıma kömək edirdi. Baxın, kiçik bir tövsiyyə sənə olan təsəvvürləri bir anlığa dəyişir, səni önəmli olmağa və seçilməyə sövq edir. Seçilmək və fərqlənmək isə Marketinq elminin əsasıdır. Bunu mən o zaman bilməsəm də, Rəhim müəllim bunu görür və yönləndirirdi. Onun bu tövsiyyəsinə bu gün də əməl edirəm. Bunu etməyənlərə isə irad tuturam.

Beynəlxalq layihənin təqdimatı, 2003-cü il.

Paylaşmaq istədiyim digər bir xatirə Biznesin İnkişafına Dəstək Alyansı ilə bağlıdır. 2003-cü il olardı. Azərbaycanda fəaliyyət göstərən iri neft şirkətləri və maliyyə institutları tərəfindən yaradılan bu ictimai təşkilat diqqətsizlik və maliyyə çətinliyi səbəbindən bağlanmaq həddində idi. O zaman həmin təşkilatlar BİDA-nın bağlanmasına qərar vermişdilər. Azərbaycan Marketinq Cəmiyyəti isə BİDA-nın İdarə Heyyətində yerli ictimai təşkilat olmaqla Azərbaycanı təmsil edirdi. Rəhim müəllim məni otağına çağıraraq bu iclasda AMC-nin İcraçı Direktoru olaraq təmsil olunmağımı istədi. Bundan əlavə müzakirələrdə BİDA-nın bağlanması səsə qoyularsa qərarın əleyhinə səs verməmi tapşırdı. Daha sonra isə BİDA-nın hüquqlarının AMC-ə verilməsi haqqında təklif ilə çıxış etməmi istədi. İndi təsəvvür edin mənim halımı. Buna əlavə olaraq dünya iqtisadiyyatının siyasətini formalaşdıran və ona meydan oxuyan böyük şirkətlərin nümayəndələrinin bu təklifə olan reaksiyasını təsəvvür edə bilərsinizmi?!!! Bu münasibət onların kinayəli baxışlarında və bizi kiçik tutmalarında aydın hiss olunurdu. Əlbəttə ki, bütün təminatlarımıza və bu işi irəli aparmaq üçün kifayət qədər intelektual və təşkilatı resurslarımızın olmasını deməyimizə baxmayaraq səs çoxluğu ilə BİDA-nın fəaliyyəti müəyyən müddətədək donduruldu. Bu iclas mənim xatirəmdən heç zaman çıxmayacaq. Sonralar Rəhim müəllimdən AMC-nin bu qərarının səbəbini soruşduqda mənə belə cavab vermişdi: “Sanar mən bilirdim ki, böyük şirkətlər öz şan və şöhrətlərinə sığışdırıb BİDA-nın idarəçiliyini bizə verməyəcəklər. Lakin, yerli Azərbaycan təşkilatının buna təşəbbüs etməsinın özü böyük uğur idi. Bu kiçik balığın böyük balıqlara meydan oxuması idi. Bu həmin şirkətlər qarşısında Azərbaycan Marketinq Cəmiyyətinin var olması və nüfuzunun bir göstəricisi idi ki, bunu da mən heç bir pul ilə əldə edə bilməzdim”. Rəhim müəllimin belə qeyri-adi addımları hələ çox olacaqdı. O, neçə-neçə mötəbər kürsülərdə, nüfuzlu təşkilatların nümayəndələri ilə görüşlərdə etdiyi çıxışları ilə diqqəti cəlb edəcəkdi. Amma bu zaman bu diqqət Azərbaycanımızın layiq olduğu yerə və hörmətə yönələcəkdi. Mən bu gün də belə bir böyük “İnsan”ı qəfil itirdiyimizdən təəsüflənirəm. O, hələ nə qədər yarada və qura bilərdi. Azərbaycanın layiqli övladı kimi doğma torpağına xeyr verə bilərdi. Onun böyük ürəyi Nüfuzlu və Zəngin Azərbaycan eşqi ilə döyünürdü. Amma deməliyəm ki, onun bu eşqi sönməmişdir. Bu sevgi onun tələbələrinə və sirdaşlarına keçərək yaşamaqdadır. Bu sevgi bizim nüfuzlu və zəngin Azərbaycanımızdır.