Gəlin Sizinlə bir iş elanı fikirləşək . Görəsən Azərbaycanda marketinq mütəxəssisi olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır! Bəli, deyəcəksiniz ki, Reklam və dizayn işini bilməlidir. Maraqlı budur ki, bu tendensiya çoxdan yaranıb və hətta bir çox HR-lar bunu vəzifə təlimatlarına belə daxil ediblər. Əmin olmaq üçün iş elanlarına baxmaq kifayyətdir.

Mən belə hallarla gündəlik həyatımda  tez-tez rastlaşıram. Tanıdıqlarım və ya məni tanıyan HR-lar məndən peşəkar Marketoloq istəyəndə onlara ilk sualım Marketinq mütəxəssisindən real olaraq nə istədikləri barədə olur. Cavabları isə heç də ürəkaçan olmur. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan şirkətlərinin əksəriyyətində Marketinq mütəxəssisinə daha cox reklam meneceri, dizayner, biznesin inkişafi meneceri  və hətta satış meneceri funksiyasında olan bir vəzifə kimi baxırlar.

Mən NİMA Hollandiya Akademiyasının Azərbaycan üzrə yerli eksperti qismində  Azərbaycan Marketing Cəmiyyəti tərəfindən təşkil edilən peşəkar səviyyəli Marketing təlimlərində təlimçi kimi iştirak edirəm. Təlimlər zamanı mütəmadi olaraq orta və iri şirkətlərdə çalışan müxtəlif səviyyədən olan marketinq mütəxəssisləri ilə işləməli oluram və onlarla təlimdən sonra da münasibətlər davam edir. Təəssüflə deməliyəm ki, bu insanların coxu heç də öz işləri ilə məşğul deyillər. Onların faktiki gördüyü iş adi dizaynerin gördüyü işdən, yəni buklet, vizitka, leaflet və poster dizaynından fərqlənmir. Siz hətta marketinq mütəxəssisinin müdirinə daha yaxın olmaq üçün onun xarici ölkələrə bilet sifarişinin, otel rezervasiyasının, aeroportda qarşılanmasının  və s. ona aidiyyatı olmayan işlərlə maşğul olduğunun şahidi ola bilərsiniz.

Başqa bir misal cəkim. Marketing mütəxəssisinin ən çox vaxt keçirdiyi, düzü vaxt itirdiyi, yer Sizcə hara ola bilər?!!! Bəli yenə düz tapdınız! Dizaynerin yanında və ya ən yaxşı halda reklam agentliyində. Özü də cox “ağıllı baxışları” ilə dizaynerə məsləhət görərək hansı rənglərdən istifadə etməyi, xəttin hardan qoyulacağını və ya hansı şəkili necə yerləşdirməyi ona izah edir. Bundan əlavə o, hazırlanmış dizayn işinə saatlarla baxır, onu geri qaytarır, müdir bəyənmədi deyir və bir daha dizayneri boş-boşuna işlədərək bütün işi yenidən gördürür. Bəzən bundan da acınacaqlı vəziyyət olur, Marketinq mütəxəssisi özü kompyüter qarşısına keçərək dizayn işi ilə məşğul olur.

Sonda Şirkət rəhbərlərinə və İnsan Resursları peşəkarlarına demək istdərdim ki, Marketinq mütəxəssisi tələblərinə yenidən baxsınlar. Marketinq haqqında təsəvvürlərini birdəfəlik dəyişsinlər! İnsan Resursları peşəkarları isə vəzifə təlimatı səhv yazılıbsa bu səhvi düzəltsinlər və dünya şirkətlərində ən bahalı peşələrdən sayılan marketinq mütəxəssisini düzgün keyfiyyətdə dəyərləndirsinlər. Dəyərləndirə bilmirlərsə onda Marketinq şöbəsi əməkdaşlarının vəzifə adlarını dəyişərək onlara reklam meneceri, dizayner və ya başqa ad qoysunlar.