PARILDAYAN PUL KİSƏSİ – BIZNESDƏ DOĞRULMAYAN ÜMİDLƏR!

Azərbaycanın günü gündən artan və inkişaf edən istər infrastruktur layihələri, istərsə də iqtisadi potensialının güclənməsi istiqamətində açılan xidmət müəssislərində xarici ölkələrdən dəvət edilən mütəxəssislərin sayı yağışdan sonra bitən göbələklərin sayı qədər artmaqdadır. Özü də deyəsən şirkətlər bu istiqamətdə bir-biri ilə bəhsə- bəhsə girmişlər. Hətta onlar direktorlarının Alman, İtalyan, Türk və hətta Meksikan olması ilə  öyünməkdən belə çəkinmirlər. Görəsən Biznes aləmində xarici mütəxəssislərə artan bu maraq nədən yaranmışdır. Görəsən nədən bizim biznes sahibləri öz ölkəsində qazandığı pulları belə asanlıqla xarici mütəxəssislərə yatırmaqdan çəkinmirlər. Görəsən nədən biznes sahiblərimiz getdikçə aşağı rəhbər vəzifələrə də xarici mütəxəssisləri götürməyə başlamışlar. Maraqlı sual yaranır, görəsən biz yerli mütəxəssislər belə asanlıqla həmin xarici ölkələrdə iş tapa bilirikmi?! Düşünürəm ki, yox!  Xarici ölkələrdə bizi heç kim gözləmir. Bizə ən yaxşı halda təmizlikçi və ya anbarda yükdaşıyan vəzifəsindən başqa bir iş verməzlər. Yox dostlar Siz dediyiniz qədər bu iş asan deyildir.

Bəs bunların səbəbi nədir?!!  Görəsən xarici mütəxəssislər onlara vəd edilən ümidləri, onlara yatırılan sərmayəni doğrulda bilirlərmi?!

Şəxsi biznes praktikama əsaslanaraq deməliyəm ki, xarici mütəxəssis ilk baxışdan çəlbedici və parıldayan pul kisəsi kimi görsənsə də onlara edilən sərmayə qarşılığında heç də ümidləri doğrultmur. Yəni yerli biznes sahibinin bu sahədə xərcləri boşa edilmiş olur. Bunun əksinə yerli mütəxəssislərimiz onlarla müqayisədə heç də üstün vəziyyətdə görsənməməkdədir. Dogrudur yerli əmək bazarında peşəkar mütəxəssislərimiz azlıq təşkil etsə də bir çox məqamlarda bizim mütəxəssislərimiz heç də xaricdən dəvət edilən mütəxəssislərdən geri qalmirlar, bəlkə də bir çox məsələlərdə onlardan üstündürlər.

PS: İndi deyəcəksiniz ki, mən xarici mütəxəssislərin dəvət edilməsinin əleyhinəyəm. Yox, qətiyyən bu belə deyildir. Azərbaycanda istər neft sahəsində, istərsə də Tikinti sahəsində o cümlədən unikal sayılan bir çox layihələrdə kifayət qədər yüksək səviyyəli xarici mütəxəssislər çalışır və Azərbaycanımızın inkişafına öz töhvələrini verirlər. Onların bu əməyi danılmazdır. Lakin mən mütəxəssis dəvət edərkən iş adamlarımızın çox diqqətli olmalarını, hər bir səviyyə üçün deyil spesifik tələblərə uyğun, təhlil və dəyərləndirmələrdən sonra bunu etmələrini tövsiyyə edərdim.

Burada bir məsələni də müzakirə etmək yerinə düşərdi. Görəsən Azərbaycana dəvət edilən xarici mütəxəssislərin bilik və bacarıq səviyyələri nə yerdədir. Bunu heç ölçən varmı?! Adətən beynəlxalq praktika göstərir ki, dəvət edilən mütəxssislər ölkənin statusu və onun yerləşməsi, istehlak bazarının böyük və ya kiçik olmasına görə fərqlənirlər. Misal üçün Afrikanın hər hansı bir tanınmayan ölkəsinə dəvət edilən mütəxəssislə Dubayda iş tapmış xarici mütəxəssisin səviyyəsində yerlə-göy qədər fərq vardır. Buradan da bir acı həqiqət ortaya çıxır. Heç də hər bir üstün peşəkar ilk baxışdan Azərbaycana gəlib işləməkdə maraqlı deyildir. Cünki o karyerasını daha prestijli ölkələrdə və ya transmilli şirkətlərdə də asanlıqla qura bilər. Azərbaycana yalnız o mütəxəssislər gəlir ki, onlar öz ölkələrində kifayət qədər özlərini ifadə edə bilməmişlər, ya da hal hazırda işsizdirlər. Bu da təbidir. Bir misal çəkim, görəsən bizlərdən kim Daşkəsəndə və ya ucqar bir kənddə açılan hər hansı bir xidmət müəssisəsinə iş təklifi alsa gedər. Məncə hər birimiz seçim edəcəkdir. Yolun uzaqlığı, orada infarstrukturun olub olmaması, ailə qayğıları və s məsələləri götür qoy etdikdən sonra qərarımızı verəcəyik. Xarici mütəxəssisləri də eyni ilə bu düşündürür. İlk baxışdan Azərbaycanı uzaq bilib bura işləməyə gəlməyən peşəkarların əvəzinə göndərilən və ya dəvət edilən mütəxəssislər ölkəyə gəldikdən sonra tamam başqa mənzərə ilə üzləşirlər. Onlar gördükdə ki, bu ölkə onların təsəvvür etdiklərindən də çox inkişaf etmişdir, iqtisadi güc və sərmayələr kifayət qədərdir, insan potensialı və ya savadlılıq dərəcəsi yüksəkdir, əhalinin alıcılıq qabiliyyəti və mədəni həyat səviyyəsi yüksəkdir bu zaman onların özləri narahat vəziyyətdə qalırlar. Bu zaman onlar dəvət edilən işə görə kifayətsiz olduqlarını dərk edirlər. Nəticədə yenə də yerli biznes sahibləri itirmiş olurlar.

Xarici mütəxəssisə çəkilən xərclərlə eyni səviyyədə olan yerli mütəxəssisə verilənlə müqayisədə dəfələrlə çoxdur. Sadəcə xarici mütəxəssisin saxlanılması xərclərini təhlil etsək kifayət qədər məbləğ alınacaqdır. Misal üçün siz onun üçün Bakının ən görməli yerində ev tutursunuz. İndiki kirayə bazarında bu evlərin aylıq kirayəsi 1000 -5000 AZN olaraq dəyişməkdədir. Şəxsi şofer və ya xidməti maşınla təmin edirsiniz. Xarici mütəxəssis Sizdən özünü və ailəsini (ailəsi xaricdə belə yaşasa da) beynəlxalq sığorta şirkətlərində həyat və tibbi sığorta olmasını tələb edəcəkdir. Xaricilər bizim sığorta bazarına inanmadıqlarından çox zaman İngiltərənin və ya Amerikanın tanınmış sığorta şirkətlərində özlərini sığortalamağı üstün tuturlar. Üstəlik pensiya təminatı üçün xüsusi aylıq ödənişləri köçürməli olacaqsınız. Daha sonra bizim ölkəyə gəlmələri üçün yerdəyişmə (relocation fee) ödənişi də Sizin boynunuzda olacaqdır. Bu ödəniş onun köhnə iş yerində qazandığı sonuncu maaşın adətən 2 -3 mislinə bərarbər olur. Əlbəttdə ki, burda bazarlıq etmək də olar. Xarici mütəxəssis ölkəyə gəlməsi üçün onun bütün daşınma xərcləri, ailə üzvlərinə təyyarə biletlərinin sifariş edilməsi Şirkət tərəfindən qarşılanır. Çox zaman xaricilər ailəsini görmək üçün öz ölkəsinə gediş və gəliş xərclərini də Şirkətdən tələb edirlər. Dəvət etdiyiniz mütəxəssisin kalibirindən asılı olaraq bu gediş və gəlişlər ailə üzvləri də daxil olmaqla ildə 1 dəfədən 4 dəfəyədək arta bilər. İndi isə dövlət rüsumlarına gələk. Hər bir xarici vətəndaş və onun ailə üzvləri üçün Siz Azərbaycan Respublikasında haqqı ödənilən iş və yaşama icazəsi ilə bağlı rəsmi rüsumlar ödəyəcəksiniz. Bank köcürmələri və rəsmi vergilər də daxil olmaqla nəticədə kifayət qədər pul xərcləməli olursunuz. Bunun müqabilində isə Siz nəyə sahib olursunuz?!!! Ümumiləşdirdikdə deyərdim ki, Siz şişirdilmiş və süni, lakin gözəl görünüşə malik sabun köpüyünə sahib olursunuz. Praktika göstərir ki, bir xarici vətəndaşı saxlamaq üçün verilən maaşdan əlavə ödənilən vəsaitlər onun aylıq məvacibinin 30-50 faizini təşkil edir.

İnanıram ki, əgər biz yerli mütəxəssisə bu maaşı versək, üstəlik xarici vətəndaşa verilən əlavə vəsaitləri onun ixtisasartırma və təlim xərclərinə yönləndirsək daha peşəkar və sadiq mütəxəssisə sahib ola bilərik. Elə mütəxəssis ki, siz ona hər zaman etibar edə bilər, lazım gəldikdə onun qazandığı bu bilik və bacarıqlarını digər mütəxəssislərin yetişdirilməsində də istifadə edə bilərsiniz. Lakin deməliyəm ki, xarici mütəxəssislər “öz biliklərini” heç də hər zaman yerli mütəxəssislərə verməkdə maraqlı deyillər. Nə üçün də bu bilikləri yerli mütəxəssisə verməlidirlər?!!! O çox gözəl başa düşür ki, yerli mütəxəssis onun rəqibidir və zaman gəldikdə onu əvəz edə bilər.

Yerli mütəxəssis isə əlavə xərc tələb etmir. Onun üçün sürücü, xidməti maşin və ya Bakının görməli yerində kirayə evə ehtiyac yoxdur. Ondan xarici ölkədə ailsəini və ya qohumlarını görmək üçün təyyarə bileti almağa və ya xaricdən ev əşyalarını gətirməyə də ehtiyac yoxdur. Mən dövlət rüsumları, bank köçürmələri və ya vergi ödəmələri haqda belə danışmaq istəmirəm. Bunun əvəzində əgər Siz ildə bir dəfə onun və ailəsinin istirahət mərkəzlrinin birində istirahətini təşkil etsəniz, və ya bu pulu premiya şəklində ona versəniz, və ya ev almaq üçün ona faizsiz kredit şəklində hissə-hissə avansa bağlayaraq maddi dəstək versəniz…, bu siyahını istənilən qədər artırmaq olar, sizə və şirkətinizə ömür boyu minnətdar olar. Çalışar ki, sizin gəlirlərinizi daim artırsın və lazımlı bir işçi olsun. Bu da xaricilərin bizə tərifləyərək satmaq istədikləri lakin, indiyəcən Azərbaycanın əmək bazarına nədənsə uyğunlaşdıra bilmədikləri (bu mövzuya daha sonra ətraflı toxunacam) Performance Appraisal System (Azərbaycan dilinə tərcümə etsək İşçilərin Əməyinin düzgün dəyərləndirilməsi) və Fair Motivation System (Düzgün Həvəsləndirmə sistemi) sisteminin əsas konsepsiyasını təşkil edir. Yəni əlavə velosiped icad etməyə lüzum yoxdur.

Yerli mütəxəssisə sərmayə qoymaqla biznes sahibləri eyni zamanda ölkəmizin insan potensialının artmasına, savadlı kadrların yetişdirilməsinə köməklik göstərmiş olur. Ən əsası isə yerli kadr bu günün ailə başçısı və Azərbaycanın vətəndaşıdır. Hər bir ölkə üçün də sağlam ailə və maddi cəhətdən zəngin olan vətəndaşa sahib olmaq cox vacibdir.

Xarici mütəxəssislərin idarəetmə bacarığında da nöqsanlar var. Adətən xarici mütəxəssisə rəhbər vəzifələr həvalə edildiyindən ona yerli işçilər təhkim edilir. Xarici mütəxəssis də çox zaman yerli adət və ənənləri və mədniyyətimizə, ən əsası isə Azərbaycanın mentalitetinə bələd olmadığından verdiyi qərar və göstərişlərdə ciddi səhvlərə yol verir. Bu tip hallar xüsusən işçi sayı cox olan böyük şrkətlərdə baş verir. Yerli işçilər bu cür səbəblərdən öz xarici müdirlərinə etibar etmir, onun verdiyi göstərişləri qəbul etmir və icra etməkdən boyun qaçırırlar. Xüsusən də yerli mütəxəssis müdirinin savadsız və qeyri peşəkar olduğunu gördükdə bu çox ciddi idarəetmə problemlərinə səbəb olur. Nəticədə biznes itirir və sahibkarın cibinə daha az gəlir daxil olur.

Biznes bir çox məsələlərdə itirir. Düşünün bazar payında və hədəf kütləsində müştərisinin 80-90 % yerli əhali təşkil edən, hətta nişalara mən düşməsəm belə, bir biznesin xarici mütəxəssislər tərəfindən xidmət göstərməsi absurddur. Bu heç bir biznes düşüncəsinə sığmır.